2 ədədlik “eskadriliya”| Ermənistanın Su-30 qırıcılarını alması nəyi dəyişər... (HƏRBİ EKSPERT)

2019/01/40-92-1548931177.jpg
Oxunub: 26340     14:36     31 Yanvar 2019    
Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrin tərkibində yüksək riskli qoşun növlərinin ilk sıralarında yer alır. Bu risk onların istifadəsində olan uçuş vasitələrinin etibarlılığı və pilotların döyüş hazırlığı ilə tərs mütənasibdir. İstənilən sferada qəza halları iə bağlı xəbərlər hərdən ara versə də, Rusiya istehsalı təyyarə qəzaları ilə məlumatların ardı-arası il boyu kəsilmir.

Dünən KİV-lərdə Ermənistanın Rusiyadan Su-30 qırıcılarını alması barədə məlumatlar yayıldı. Bu qırıcıların hər iki ölkə arasında əvvəl imzalanan 100 milyon dollarlıq kredit müqaviləsi çərçivəsində həyata keçirildiyini ehtimal etsək, İrəvan digər heç nə almadan, aviasiya parkına beynəlxalq qiymətlərlə 2 ədəd, Rusiyanın daxili qiymətləri ilə 3 ədəd Su-30 qırıcısı əlavə edə biləcək. Lakin 2 və ya 3 qırıcı müharibə şəraitində olan ölkənin abu-havasını dəyişmək iqtidarında deyil. Bunu Ermənistanda da bəziləri anlayır. Deməli əlavə ən azı 9-10 ədəd Su-30 alınmalıdır. Bu isə əlavə 300- 500 milyon dollar əlavə vəsait tələb edir. Belə bir rəqəmin indiki münasibətlər fonunda İrəvana ayrılması real görünmür.

Bu qırıcılar və onların sonrakı versiyaları Azərbaycana təklif edilsə də, Bakı bu təklifləri müsbət dəyərləndirməyərək Pakistanın daha yüksək göstəricilərə və xüsusiyyətlərə malik JF-17 “Thunder” qırıcılarına üstünlük verdi.

Su-30 (NATO təsnifatına görə - Flanker-C) SSRİ-nin, sonradan isə Rusiyanın ikiyerlik çox məqsədli ağır qırıcısıdır. 1980-ci illərin sonunda "Suxoy" Dizayn Bürosunda, Su-25, Su-27 və Su-35 qırıcıların da istifadə etdiyi T-10S təyyarəsinin versiyası bazasında hazırlanıb.

İstehsalçı tərəfindən çöx gözəl təyinat xüsusiyyəti alan Su-30 təyyarələri Rusiyanın ən çox qəza və faciələrə məruz qalan təyyarələrindən biridir. Açıq mənbələrdən alınan məlumata görə, qısa istismarı tarixində Su-30 qırıcıları ən azı 17 dəfə qəzaya uğrayıb, onlardan 4-ü faciə ilə nəticələnib; 7 pilot həlak olub, 1 pilot və 3 mülki şəxs isə xəsarət alıb.

2003-2018-ci illərdə dünyada Su-30 qırıcılarının iştirakı ilə baş verən qəza və fəlakərlərin siyahısına diqqət yetirək:

1. 2018-ci ilin mayın 3-də Rusiyanın Su-30SM döyüş təyyarəsi Aralıq dənizi üzərində düşdü. Qazada ekipajın komandiri erməni əsilli Albert Davidyan və ikinci pilot həlak oldu;
2. 2017-ci ilin mayın 23-də Hindistan Hərbi Hava Qüvvələrinin Su-30 döyüş təyyarəsi təlim uçuşu zamanı radarlardan itdi;
3. 2017-ci ilin martın 15-də isə yenə Hindistan HHQ-yə məxsus Su-30MKI döyüş təyyarəsi Racəstan əyalətində qəzaya uğradı;
4. 2016-cı ilin iyunun 14-də Vyetnam Hərbi Hava Qüvvələrinin 370-ci qırıcı aviasiya alayına məxsus Su-30 qırıcısı (bort nomrəsi 8585) “Thosan” aviabazasından havaya qalxdı və Cənubi Çin dənizi üzərində radarlardan itdi;
5. 2015-ci ilin avqustun 17-də Venesuela Hərbi Hava Qüvvələrinin Su-30MK2 qırıcısı (bort nömrəsi AMB-0460) Kolumbiyalı narkotik mafiyasına aid olduğu iddia edilən bir təyyarəni ələ keçirmək üçün havaya qalxdı, lakin Kolumbiya ilə sərhəddəki Apure ştatında qəzaya uğradı;
6. 2015-ci ilin mayın 19-da Hindistan HHQ-nin Su-30MKI çoxməqsədli qırıcısı ölkənin şərqindəki Assam ştatında qəzaya uğradı;
7. 2014-cü il oktyabrın 14-də, Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKİ (bort nomrəsi 050) qırıcısı Maharaştra ştatının Pune şəhəri yaxınlığındakı Loheqaon aviabazasından qalxmağa hazırlaşarkən katapult öz-özünə işə düşdü, pilotlar xilas olsada təyyarə darmadağın oldu;
8. 2013-cü ilin fevralın 19-da Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKİ qırıcısı Racəstan ştatının Caisalmer bölgəsində təlim uçuşu zamanı qəzaya uğradı. Təlim uçuşu zamanı pilot bombanı atmaq üçün tətiyə bassa da, bomba pilondan çıxmadı. Tətiyə təkrar basılması bombanın pilonda partlamasına səbəb oldu. Hər iki pilot katapult vasitəsilə sağ qala bildi;
9. 2012-ci ilin fevralın 28-də çoxfunksiyalı Su-30 qırıcısı Komsomolsk-Amurdan 130 kilometr şimal-şərqdəki təyyarə inşası zavodunda, Vyetnam Hərbi Hava Qüvvələrinə təhvil verilmək üçün nəzərdə tutulan Su-30 tipli qırıcının təhvil-təslimi zamanı qəza baş verdi. Maksimum sürətə qədər mühərrikin yüklənməsi zamanı arxa işığının farası açıldı və hava qəbuledicisinə düşərək sağ mühərrikin alışmasına səbəb oldu;
10. 2011-ci il dekabrın 13-də Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKİ qırıcısı Maharaştra ştatının Pune şəhərindəki “Loheqaon” aviabazasından havaya qalxdıqdan qısa müddət sonra, buradan 20 km aralıda yerləşən Vade-Bholai kəndi yaxınlığında qəzaya uğradı;
11. 2009-cu ilin noyabrın 30-da Hindistan Hərbi Hava Qüvvələrinin 24-cü aviasiya eskadrilyasının Su-30MKİ qırıcısı Maharaştra ştatının Cateqaon bölgəsində qəzaya uğradı;
12. 2009-cu ilin aprelin 30-da Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI qırıcısı (bort nomrəsi SB 021) təlim uçuşu zamanı nəzarətsiz ştopor (uncontrolled spin) adlanan böhranlı uçuş rejiminə daxil oldu və Racəstan ştatının Caisalmer rayonundan 70 km cənub-şərqdə qəzaya uğradı;
13. 2006-cı ilin iyulun 26-da Moskva yaxınlığındakı Jukovskidə Su-30 təyyarəsinin qəzaya düşməsi barədə məlumat yayıldı;
14. 2004-cü ilin martın 16-da Çin Hərbi Dəniz Donanmasının 10-cu qırıcı aviasiya alayının Su-30MK2 (bort nomrəsi 18) təlim uçuşu zamanı Feidong aviabazasının ərazisində qəzaya uğradı;
15. 2003-cü ilin iyulun 22-də daha bir Su-30 təyyarəsi Krasnodar əyalətinin Anapadakı hərbi-dəniz aviasiya hərbi hissəsinin aerodromundan havaya qalxarkən qəzaya uğradı;
16. 2002-ci ilin mayın 27-də də, Çin Hərbi Hava Qüvvələrinin 9-cu qırıcı aviasiya alayının Su-30MKK ultra-aşağı hündürlükdə təlim uçuşu zamanı qəzaya uğradı;
17. 1999-cu ildə Le Burjedə 43-cü Paris Beynəlxalq Aviakosmik Salonunda nümayiş uçuşu həyata keçirən Su-30MK (bort nömrəsi 01) qəzaya uğradı.


Su-30 bəzi illərdə hətta iki dəfə qəza törətməklə bu sahədə dünya antirekorduna imza atan azsaylı hava vasitələrindəndir. O, bu siyahıda sələfi, əslində bənzəri olan Su-27-ni təqib edir.

Xatırladım ki, keçən ilin dekabrın 4-də Rusiya istehsalı olan növbəti Su-25 hərbi təyyarəsinin 10:06 radələrində Ermənistanın Gümrü aerodromundan havaya qalxdığı, 10:20-də isə onunla əlaqənin kəsilməsi və radarlardan itməsi ilə bağlı Ordu.az saytında məlumat verilmişdi. Şimal qonşumuzun aviasiya tarixində qəza saylarına görə liderlik edən Su qırıcıları yalnız 2018-ci ildə 3 erməni pilotun həyatına son qoyub.

Bəzilərinin qəzaların daha çox Hindistanda istehsal edilən qırıcılarda baş verdiyini əks arqument kimi gətirəcəyini ehtimal etdiyim üçün bəri başdan qeyd edim ki, Hindistan sadəcə Su-30 qırıcılarını toplayır. Bütün texnoloji prosesin tamamı Rusiyaya məxsusdur. Azərbaycanın bu sinif qırıcılardan imtina etməsinin əsas səbəbi də qəza saylarının çox olması ilə əlaqəlidir. Bu qırıcıları daha çox Sovet hərbi texnikasına uyğun infrastrukturunu dəyişmək üçün çətinlik çəkən zəif ölkələrin Hərbi Hava Qüvvələri almağa üstünlük verir. Rusiyadan başqa bu qırıcılar Əlcəzayir, Anqola, Venesuela, Qazaxıstan, Vyetnam, Hindistan, Çin, Malayziya və Uqanda silahlanmasında mövcuddur.

Su-30 dördüncü nəsil döyüşçü olmasına baxmayaraq, birbaşa görüntü sahəsindən kənarda aparılan hava döyüşündə eyni sinifdən olan digər qırıcılara qarşı heç bir şansa malik deyil. Müasir qırıcılarla müqayisədə 4+ sinifə aid edilməsinə baxmayaraq, çox zəif stels göstəricilərə malik olması, Su-30 pilotlarına hədəf halına gəldiklərini dərk etmədən əvvəl məhv ediləcəkləri ehtimalını artırır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-30   Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin